FR|ENAZ

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
4 January 2013 "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm" İlham Əliyev təbrikində deyib.

Prezident bildirib ki, dünya dinləri ölkəmizdə yüz illər boyu dinc yanaşı və əmin-amanlıq şəraitində fəaliyyət göstərmişdir.

"Tarixən burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması, zəngin multikulturalizm ənənələri müasir Azərbaycan cəmiyyətində ümummilli mənəvi-ictimai dəyərlərin və dözümlülük prinsiplərinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynamışdır. Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması, o cümlədən pravoslav həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində və ölkəmizdə gedən möhtəşəm quruculuq işlərində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər" dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.

"Bu nurlu gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!" Prezident bildirib.

Back to the list