FR|ENAZ

Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub

Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunub
10 February 2013

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində fevralın 9-da Strasburqda sərgi və konsert təşkil olunub.

Azərbaycan ilə bağlı növbəti tədbirin Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda keçirilməsi heç də təsadüfü deyildir. Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi kimi nüfuzlu təşkilatlarla yanaşı, Strasburqda və Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun nümayəndəlikləri bu şəhərdə yerləşir.
Azərbaycan mədəniyyət günləri möhtəşəm "Tussimo" sərgi salonunda ölkəmizlə bağlı guşənin rəsmi açılışı ilə başlamışdır.

Tədbiri açan şəhərin meri, senator Rolan Ris Azərbaycanın mədəni zənginliklərinin nümayiş etdirildiyi bu sərgidə olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Mer iştirakçıların ölkəmizin mədəni irsi ilə yaxından tanışlığının Azərbaycan barədə müəyyən təsəvvür əldə etmələrində mühüm rol oynayacağını diqqətə çatdırmışdır. R.Ris guşə ilə tanışlıq zamanı xalçalarımıza xüsusi maraq göstərdiyini qeyd etmişdir.

Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə tanışlığın, xüsusilə Strasburq kimi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulamışdır. Azərbaycanın mədəni dəyərləri bu ölkənin tarixiliyindən və zənginliyindən xəbər verir. R.Ris Bakı ilə Strasburq, Azərbaycan ilə Elzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırmış, ölkəmizin Avropa Şurasında yaxşı əlaqələr qurduğunu xalqların biri-birini yaxından tanıması istiqamətində yaxşı ideyaların tapılmasının mümkünlüyünü bildirmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırlatmış, bu tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə turizmin inkişaf etdiyini vurğulamış və sərginin strasburqluların Azərbaycan barədə ətraflı məlumat əldə etmələrinə imkan yaradacağına ümidvar olduğunu demişdir.

Səfir qədim tarixi olan gənc müstəqil Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik etnik qrupların yaşadığını, ölkəmizin Xəzər dənizi ilə Qafqaz sıra dağları, Şərq ilə Qərb arasında yerləşdiyini bildirmişdir. Diplomat Azərbaycanı, onun zəngin mədəni abidələrini fransızlara yaxından tanıtmaq məqsədilə sərgi və konsertin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu diqqətə çatdırmışdır.
Həmin gün Strasburqun məşhur "Musiqi sarayı"nda Azərbaycanın Xalq Artisti Teymur Göyçəyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olmuşdur.

Konsertdən əvvəl çıxış edən şəhərin meri R.Ris həm sərgi, həm də incəsənət ustalarının konserti ilə Azərbaycanın Elzas regionunda yaxşı tanınacağına ümidvar olduğunu bildirmişdir. Azərbaycana səfəri zamanı ölkəmizin mədəni irsi, mədəniyyəti, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyata malik müstəqil ölkə kəşf etdiyini bildirən mer ölkəmizi daha yaxşı tanımaq üçün əhali ilə əlaqədə olmağın vacibliyini qeyd etmişdir.

Səfir Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazı mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransanın bir neçə şəhərində sərgi və konsertlərin təşkil edildiyini xatırlatmışdır. Diplomat qədim və zəngin mədəniyyətə malik ölkəmizin İpək yolu üzərində yerləşdiyini, onun Fransanın Şərqində o qədər də tanınmadığını, ona görə də Elzasda belə tədbirin keçirildiyini diqqətə çatdırmışdır. Səfir xalqımızın ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirmişdir.
Source:   http://trend.az

Back to the list