FR|ENAZ

Azərbaycan Respublikasının iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov Lüksemburq Parlamentinin Sədri Laurent Mosarla görüşmüşdür

Azərbaycan Respublikasının iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov Lüksemburq Parlamentinin Sədri Laurent Mosarla görüşmüşdür
15 March 2013

14 mart 2013-cü il tarixində Səfir Fuad İsgəndərov Lüksemburq Parlamentinin Sədri Loran Mozarla (Laurent Mosar) görüş keçirmişdir.

Görüş zamanı Səfir ölkəmizin regiondakı yeri və rolu barədə ətraflı məlumat verərək, Azərbaycanın daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulamışdır. F.İsgəndərov ölkəmizin mürəkkəb bir coğrafiyada yerləşdiyini nəzərə alaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropaya və Avropa İnstitutlarına inteqrasiya yolunu tutduğunu qeyd etmişdir.

Azərbaycanın Lüksemburqla hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıran Səfir F. İsgəndərov, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərə təkan verəcəyinə əminlik bildirmişdir.

F. İsgəndərov parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə tövhəsinin danılmaz olduğunu diqqətə çatdıraraq, L. Mozarı Azərbaycana səfərə dəvət etmiş və bu səfərin əlaqələrimizin intensivləşməsinə gətirib çıxaracağına ümid etdiyini diqqətə çatdırmışdır.

L. Mozar dəvətə görə təşəkkür edərək, öz azərbaycanlı həmkarını da Lüksemburqda görməkdən məmnun olacağını ifadə etmiş və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulamışdır.

Səfir Lüksemburqun Parlament Sədrinin Azərbaycanın qonşu ölkələrlə münasibətləri barədə sualına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri barədə, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında L. Mozara ətraflı məlumat vermişdir.
Source:   Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyi

Back to the list