FR|ENAZ

Strasburqda Novruz bayramı qeyd edilib

Strasburqda Novruz bayramı qeyd edilib
17 March 2013

2013-cü ilin 17 martında Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib. Bu barədə bazar ertəsi Daimi Nümayəndəlikdən verilən  məlumatda qeyd olunur.

Novruz bayramı tədbirində Avropa Şurası yanında akkreditə olunmuş Daimi Nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri,  Strasburq Universitetinin professorları, yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə  təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, habelə Azərbaycan və türk diasporunun üzvləri iştirak edib.

Tədbiri açan Azərbaycanın AŞ yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli Səfir Emin Eyyubov tədbir iştirakçılarını salamlamış, onları xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik edib. O, Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu qeyd edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu deyən Səfir onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini qeyd edib.

Bundan əlavə, Səfir Novruz bayramının özündə su, od, yel və torpaq ilaxır çərşənbələrini birləşdirdiyini, bayram günlərində bununla bağlı müxtəlif ayin və mərasimlərin həyata keçirildiyini bildirib.

Səfir Novruz bayramının Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu diqqətə çatdırmışdır.
Sonra  Azərbaycanın əməkdar artisti Xanlar Bəşirovun rəhbərlik etdiyi "Azərbaycan Qartalları" rəqs qrupunun və onları müşayiət edən musiqiçilərin təqdimatında Azərbaycanın milli qəqsləri nümayiş etdirilib. Gənc müqənni Mehri Əsədullayeva isə Azərbaycan xalq mahnılarını özünəməxsus üslubda ifadə edib. Musiqili gecənin proqramı, xüsusilə gənc rəqqasların məharəti tədbir iştirakçılarında böyük maraq və rəğbət hissi yaradıb.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruz şirniyyalatları təqdim olunub.
Source:   Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi

Back to the list