FR|ENAZ

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır
8 April 2013

Aprelin 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak etmişlər.
Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdir. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul etmişdir. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçmişlər.

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.

Açılış mərasimində çıxış edən Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını dedi, tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən Klaus Şvab ötən müddətdə ölkənin ciddi nailiyyətlər əldə etdiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırdı. “Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur”, - deyən Klaus Şvab ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları, maliyyə və tikinti sahələrində bir çox uğurlar qazandığını dedi.
Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına görə Prezident İlham Əliyevə minnətdarlıq edən Klaus Şvab bildirdi ki, Azərbaycan dövlətinin başçısı hər il Davos Forumunda iştirak edərək ölkəsinin və regionun iqtisadi potensialını yüksək səviyyədə təqdim edir. Klaus Şvab bu baxımdan Bakı Forumunun böyük önəm kəsb etdiyini vurğuladı.
Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olundu. Videoçarxda Azərbaycan iqtisadiyyatının uğurlarına və potensialına xüsusi yer ayrılmışdı.

Daha sonra müzakirələrin hansı istiqamətdə aparılması ilə bağlı səsvermə keçirildi. Regionun gələcəyinə dair sorğuda pərakəndəlik, inteqrasiya və qütbləşmə ilə bağlı 3 bənd yer aldı. Səsvermə zamanı tədbir iştirakçıları müzakirələrin inteqrasiya mövzusunda keçirilməsi fikrində yekdil oldular.

Forumda çıxış edən Prezident İlham Əliyev indiyədək Dünya İqtisadi Forumunda 7 dəfə iştirak etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verərək qeyd etdi ki, Azərbaycan müstəqilliyin ilk illərində ciddi böhran mərhələsindən keçsə də 1993-cü ildən sonra uğurlu enerji siyasətinin əsasını qoydu və çətin vəziyyətdən çıxmağı bacardı. Ölkənin enerji sektoruna böyük sərmayələr qoyuldu, daha sonra karbohidrogen ehtiyatlarının hasilatına və şəxələndirilmiş nəql sisteminin yaradılmasına başlandı. Hazırda ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün 7 nəql marşrutu mövcuddur. Prezident İlham Əliyev məhz bu amilin Azərbaycanın sürətli inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırdı və bunu konkret rəqəmlərlə izah etdi. Son illərdə ölkədə təhsil sektorunun inkişafının diqqət mərkəzində saxlandığını bildirdi. Prezident İlham Əliyev dedi ki, biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə də əsas məsələ təhsildir. Bu ilin fevralında peykimizin uğurla orbitə buraxıldığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın artıq azsaylı kosmos ölkələrindən olduğunu qeyd etdi.

Azərbaycanda sağlam investisiya mühitinin olduğunu bildirən Prezident İlham Əliyev uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən nəhəng layihələdən danışdı, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrinin region üçün əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində çox uğurlu əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətindən danışan dövlətimizin başçısı Bakı Forumunun bu sahədə mühüm nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Sağintayev bildirdi ki, Orta Asiya və Cənubi Qafqaz regionunun əməkdaşlığı dünya səviyyəsində mühüm əhəmiyyət daşıyır. Nazir müavini ölkəsinin iqtisadi inkişafı barədə məlumat verdi, regionunun perspektiv əməkdaşlıq imkanlarından danışdı.
Azərbaycan son 10 ildə çox böyük uğurlara nail olub və iqtisadi artımın mənzərəsi valehedicidir. Bu sözləri isə Rusiyanın VTB Bankının sədri Andrey Kostin bildirərək Azərbaycanın enerji ixrac siyasətini uğurla reallaşdırdığını söylədi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

Qırğızıstanın Baş nazirinin birinci müavini Comard Otorbayev tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. “Azərbaycanın inkişafı böyük təəssürat yaradır. Prezident İlham Əliyevin bu inkişafda xüsusi rol vardır”, - deyən qonaq Bakıda olduğu müddətdə sadə insanlar və gənclərlə söhbətində onlarda nikbin əhval-ruhiyyənin şahidi olduğunu vurğuladı. “Qardaş Azərbaycanın uğurları ilə fəxr edə bilərik”, - deyən Qırğızıstan rəsmisi regionda inkişafa nail olmaq üçün əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız da Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlıq etdi. “Forum Azərbaycana layiq olan səviyyədə təşkil edilib”, - deyən Taner Yıldız Bakı görüşünün tədbirin uğurlu olacağına inandığını dedi, ölkəsinin regional inkişafa töhfə vermək istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı.
Source:   AZERTAG

Back to the list