Mehriban Əliyeva: “Azərbaycanın xarici siyasətində Avropaya inteqrasiya mühüm yer tutur”

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri, xanım Elizabet Qiqu ilə görüşüb.
M. Əliyevanı salamlayan E. Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib. Ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E. Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb.Öz növbəsində, M. Əliyeva Azərbaycanın xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa Birliyi ilə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, ölkəmizin bu təşkilatın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən M. Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
| Source: | apa.az |

