FR|ENAZ

Kannlılar Azərbaycan incəsənət ustalarının çıxışlarına valeh olmuşlar

Kannlılar Azərbaycan incəsənət ustalarının çıxışlarına valeh olmuşlar
8 July 2013

Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan “Arşın mal alan” filminin nümayişi ilə başlamışdır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fonduna daxil olan bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab edilir. Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm tövhə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində “Arşın mal alan”ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən “Arşın mal alan” çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirmişdir.

Sonra Kannın məşhur La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olmuşdur. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləmişlər.

Konsert tamaşaçılarda xoş təəssüratlar yaratmışdır. Burada, Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin əsas çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran “Natiq” ritm qrupu sözün əsl mənasında dinləyiciləri valeh etmişdir.

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatmışdır. Ümumiyyətlə, Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunmuşdur.
Source:   AZERTAG

Back to the list