FR|ENAZ

2017-ci ildə AYİB-in Müdirlər Şurasının illik toplantısı Bakıda keçirilə bilər

2017-ci ildə AYİB-in Müdirlər Şurasının illik toplantısı Bakıda keçirilə bilər
15 July 2013

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olub. Ş.Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər barədə nümayəndə heyətinə geniş məlumat verib.

AYİB-in Azərbaycandakı kredit portfelinin diversifikasiyası üçün geniş potensialın olduğunu diqqətə çatdıran nazir bu baxımdan 2014-2016-cı illər üzrə bankın Azərbaycana dair Ölkə Strategiyasının hazırlanması zamanı qeyri-neft sektorunun inkişafının prioritet olaraq nəzərə alınmasını və Strategiyanın "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə uzlaşdırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə ölkəmizdə korporativ idarəetmənin inkişafına böyük önəm verildiyi, korporativ idarəetmə standartlarına keçidin biznes mühitinin inkişafında, birbaşa xarici investisiyaların stimullaşdırılmasında əhəmiyyəti, bu sahədə AYİB ilə əməkdaşlığın məqsədəuyğunluğu qeyd edilib. Həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində kənd təsərrüfatı sahəsində birgə pilot layihələrin həyata keçirilməsinin, sənaye parklarının fəaliyyətinə, kiçik və orta sahibkarlığa, habelə qadın sahibkarlara dəstək verilməsinin önəmi diqqətə çatdırılıb.

Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Ş.Mustafayev AYİB-in Müdirlər Şurasının 2017-ci ildə keçiriləcək illik toplantısının Bakıda təşkil olunmasını təklif edib, ölkəmizdə mövcud kadr potensialını nəzərə alaraq, bankda yaranan vakant vəzifələrə gənc azərbaycanlı mütəxəssislərin cəlb edilməsinin məqsədəuyğunluğunu bildirib.
Source:   trend.az

Back to the list