FR|ENAZ

“Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgi

“Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgi
27 September 2013

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərginin açılış mərasimi keçirilmişdir.

Təntənəli mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Photolerance” (“Fotolerans”) adlı Beynəlxalq gənclər fotomüsabiqəsinin təqdimat mərasimi keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin məqsədi müasir dünya gənclərinin foto sənəti vasitəsilə əks olunan tolerantlığa baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək və bu yaradıcı üslubla dini və mədəniyyətlərarası tolerantlığı dünya miqyasında təşviq etməkdir.

Layihənin beynəlxalq təqdimatını həyata keçirən dünya şöhrətli fotoqraf Reza Deqati belə bir beynəlxalq təşəbbüsün məhz dünyada sülhün və inkişafın təmin edilməsi məqsədilə yaradılmış BMT-nin mənzil-qərargahında keçirilməsinin böyük məna daşıdığını bildirərək, BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə layihəyə verdikləri dəstək üçün öz təşəkkürünü bildirmişdir. Müsabiqənin 18-25 yaşlı gənclər auditoriyası üçün nəzərdə tutulduğunu bildirən sənətkar, bu nəcib təşəbbüsün vasitəsilə dünya gənclərinin milli, irqi və dini zəmində baş verən münaqişələrə qarşı mövqe nümayiş etdirmələri üçün təsirli vasitə olacağına öz inamını ifadə etmişdir.

Layihənin əhəmiyyətini qeyd edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser təmsil etdiyi qurumun bu təşəbbüsün dünya miqyasında tanıdılması və uğurla həyata keçirilməsi üçün çalışacağını vurğulamışdır. Qeyd olunmuşdur ki, “Photolerance” müsabiqənin qalibləri 2014-cü ildə BMT-nin Sivilizasiyalar Alyansının növbəti qlobal forumunda elan ediləcəklər.
Source:   AZERTAG

Back to the list