FR|ENAZ

Patrik Hikki: 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub

Patrik Hikki: 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub
29 October 2013

Azərbaycan rəhbərliyi 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə böyük dəstək verir və işlərin gedişatı yaxşı vəziyyətdədir.

Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında deyib.

P.Hikki bildirib ki, yarışlara hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub, Təşkilat Komitəsinin işi qrafikə uyğun aparılır. Onun sözlərinə görə, bu oyunların uğuru həm Azərbaycanın, həm də Avropanın uğuru olacaq.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, qısa bir müddətdə böyük bir irəliləyiş əldə olunub: "Biz qətiyyətlə deyə bilərik ki, "Bakı 2015" Olimpiya Oyunları dünya idman tarixində böyük rol oynayacaq. Hazırda işin gedişindən görünür ki, yarışların keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlər vaxtında həll olunacaq. Oyunları vaxtında keçirməyə nail olacağıq".

Nazir bildirib ki, idman quruğularının 80-90 faizi 2014-cü ilin sonuna qədər hazır olacaq: "Biz bu oyunlara böyük önəm veririk və çalışırıq ki, bu oyunlar Azərbaycanın idman tarixində bir irs kimi qalsın. Oyunlar üçün tikilən obyektlər Azərbaycanın gələcəyi üçün tikilir. Yəni Bakıda bir sıra idman növləri üzrə ilk dəfə yarışlar keçiriləcək, Azərbaycan gəncləri yeni idman növləri ilə tanış olacaq və bu idman növlərinin Azərbaycanda da inkişaf etdirilməsi üçün şərait yaranacaq".

A.Rəhimovun sözlərinə görə, 65 minlik Olimpiya Stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci il fevralın əvvəlinə istifadayə veriləcək: "Hazırda bir gün də istirahət etməyə vaxt yoxdur. Görülən işlər bütün idman qurğularının vaxtında tikilib istifadəyə veriləcəyini deməyə əsas verir".

Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunları ilə bir ənənə yaratmaq istəyir: "Bu oyunlar miqyasına görə Azərbaycan idman tarixində ən böyük tədbirdir. Ona görə də biz ölkədə infrastrukturla yanaşı bütün sahələrdə irəliləyişə nail olmaq istəyirik".
Source:   trend.az

Back to the list