FR|ENAZ

Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi keçirilib

Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi keçirilib
13 November 2013

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, muzeyin təsisçisi və prezidenti Jerar Leritiye görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüfləndiyini qeyd edib. P.Fülaşe şairin 20 mindən artıq şerinin toplandığı " Divan"nının Şərq ölkələrində yaxşı tanındığını, onun əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyin tərənnüm edildiyini xatırladıb.

Şairin beş poemasının toplandığı "Xəmsə" əsərinin dünya ədəbiyyatında "Beş xəzinə" adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək, əfqan və digər türk dilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P.Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, Sankt-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını vurğulayıb.

Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd edib.
Source:   trend.az

Back to the list