FR|ENAZ

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini bu dəfə Kölndə təqdim edəcəkdir

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini bu dəfə Kölndə təqdim edəcəkdir
18 November 2013

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirən Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi növbəti layihəni Köln şəhərində həyata keçirəcəkdir.

Əhalisinin sayına görə Almaniyada dördüncü olan bu şəhərdə Azərbaycan gecəsinin keçirilməsi təsadüfi deyildir. Ölkənin böyük iqtisadi və mədəniyyət mərkəzlərindən biri sayılan Kölnü “Reyn üzərində metropoliya” da adlandırırlar. Almaniyanın ən qədim şəhərlərindən biri olan Köln Avropanın tarixində mühüm rol oynamışdır.

Noyabrın 20-də şəhərin Gürzenih zalında keçiriləcək gecə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdim etdiyi konsert proqramı ilə başlayacaqdır. Konsertdə korifey bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Rauf Hacıyevin və Ələkbər Tağıyevin əsərləri səslənəcəkdir.

Tədbirdə, həmçinin rəsm və foto sərgisi təqdim olunacaqdır. İstedadlı gənclərin 19 rəngkarlıq işindən ibarət “Almaniya bir rəssamın gözü ilə” sərgisi Ştutqartda uğurlu təqdimatdan sonra bu dəfə Kölndə nümayiş olunacaqdır.

Sərgi Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdikləri əsərlərin təqdimatıdır. 2008-ci ildən Azərbaycanda keçirilən müsabiqədə hər il üç gənc qalib Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur və məşhur alman rəssamlarının ustad dərslərində iştirak edir.

Tədbirdə nümayiş olunan digər sərgi isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolardan ibarət olacaqdır. Fotoşəkillər vaxtilə Avropada ən böyük və müasir misəridən zavodu Gədəbəydə inşa etdirən Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşayış tərzindən bəhs edir.
Source:   AZERTAG

Back to the list