FR|ENAZ

Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır

Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır
2 December 2013

Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır.

Bu fikri Baş nazir kürsüsü uğrunda keçirilən seçkilərdə qələbə qazanan Lüksemburq şəhərinin meri Ksavye Pettel beynəlxalq yarmarkada Azərbaycan guşəsi ilə tanışlıq zamanı AzərTAc-a müsahibəsində səsləndirmişdir.

Ksavye Pattel demişdir: “Dekabrın 4-də mən Baş nazir vəzifəsinin icrasına başlayacağam. Ölkənizdə olmasam da bilirəm ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rola malikdir və bu sahədə önəmli rol oynaya bilər. Azərbaycanlıların həddindən artıq istiqanlı və qonaqpərvər olması barədə də eşitmişəm”.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan yeni Baş nazir vurğulamışdır ki, Azərbaycan ilə Lüksemburq arasında humanitar əlaqələr yüksək səviyyədədir. Amma iqtisadi və mədəni sahələrdə əməkdaşlıq tamam başqa şeydir. Bunları qarışdırmaq lazım deyil. Mən bir məsələni diqqətə çatdırmağı özümə borc bilirəm: “Baş nazir kimi fəaliyyət proqramımda bir çox ölkələrlə yanaşı, Azərbaycana səfər etmək planım da vardır. Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır”.
Yeni il ərəfəsində kasıb ölkələrə humanitar yardım məqsədilə Lüksemburqun ticarət mərkəzində təşkil edilən Beynəlxalq yarmarkada Azərbaycan üçüncü ildir ki, təmsil olunur. Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan guşəsi yarmarkada iştirak edən 60 dövlətin pavilyonundan zənginliyi ilə fərqlənmişdir. Heydər Əliyev Fondunun, “Azərsun” şirkətinin, Azərbaycan Beynəlxalq Bankının, Şəki-İpək Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə yaradılmış guşədə kiçik ölçülü xatirə xalçaları, bostan-tərəvəz məhsulları, meyvələr, müxtəlif çeşiddə şirələr və mürəbbələr, zəngin mətbəximizin nümunələri, xüsusilə süfrələrimizin şahı hesab edilən plov yarmarkaya gələnlərin böyük marağına səbəb olmuşdur.
Guşəyə rəhbərlik edən Seymur Əhmədov bildirmişdir ki, lüksemburqlular Azərbaycan nemətlərinə böyük həvəs göstərirlər. Eyni zamanda, ölkəmizlə ciddi maraqlanırlar. Bu məqsədlə onlara Azərbaycanın təbiət mənzərlərini, Bakının tarixi abidələrini və görməli yerlərini, dulusçuluq və misgərlik kimi sənət nümunələrini özündə əks etdirən broşürlərlə bərabər, digər təbliğat xarakterli vəsaitlərdə paylayır, ölkəmizə dair suallarına həvəslə cavab veririk. Bundan əlavə, guşədə quraşdırılmış monitorda Azərbaycana dair müxtəlif mövzularda çarxlar nümayiş etdirilir.
Sonda S.Əhmədov qeyd etmişdir ki, satışdan əldə edilən 6 min avrodan artıq vəsait humanitar yardım fondunun hesabına köçürülmüşdür.
Guşədən aldığı təəssüratı AzərTAc ilə bölüşən lüksemburqlu Olivye Loş demişdir: “Mən bununla üçüncü dəfədir ki, Azərbaycan mətbəxi nümunələrini böyük həvəslə alıram. Çox dadlı nemətlərdir. Ölkənizdə olmamağıma təəssüf edirəm. Amma yaxın dostlarımdan eşitmişəm ki, ölkəniz varlı, xalqınız qonaqpərvər və sülhsevərdir. Nədənsə biz avropalılarda qonaqpərvərlik və səmimilik kimi hisslər çox azdır. Qeyd etmək istəyirəm ki, dünyəvi bir ölkə olan Azərbaycanda yaşamağın özü bir xoşbəxtlikdir”.
Source:   AZERTAG

Back to the list