FR|ENAZ

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur
10 July 2014

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir. İyulun 9-da “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilmişdir. Bununla da şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdır. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.
“Bakı Avropa Oyunları–2015”in təntənəli təqdimat mərasiminin aparıcısı Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirmişdir. Mer demişdir ki, artıq ikinci dəfədir Kannda Azərbaycan mədəniyyəti günləri təşkil olunur. “Azərbaycan zəngin mədəni dəyərlərə malikdir”, - deyən Kann şəhərinin meri əminliklə bildirmişdir ki, gələn il ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaqdır.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.
Source:   AZERTAG

Back to the list