FR|ENAZ

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar Yohannesburq Filarmonik Orkestrinin daha bir konsertini izlədilər

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar Yohannesburq Filarmonik Orkestrinin daha bir konsertini izlədilər
27 July 2014

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

Azərbaycan və dünya klassik musiqisini yüksək səviyyədə təbliğ edən bu festival çərçivəsində konsertlərə demək olar ki, hər gün musiqi dünyasının yeni simaları, solistlər, dirijorlar, vokalçılar, müxtəlif ölkələrdən klassik musiqi kollektivləri qatılırlar.
AzərTAc xəbər verir ki, iyulun 27-də festivalın proqramına uyğun olaraq musiqisevərlər Yohannesburq Filarmonik Orkestrinin konsertini izləyiblər.
Azərbaycanın Xalq Artisti, Prezident mükafatçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun rəhbərliyi ilə keçirilən konsertdə tanınmış Rusiya bəstəkarları P.İ.Çaykovskinin “İtalyan kapruççiosu”, Sergey Raxmaninovun “Paqanini mövzusuna variasiyalar” və digərlərinin əsərlərindən parçalar təqdim edildi.
Xalq Artisti, tanınmış pianoçu Yeganə Axundovanın əsrarəngiz ifası tamaşaçılara unudulmaz anlar bəxş etdi.
Çıxışlar yerli və xarici ölkələrdən gəlmiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
“Niaqaranın qızıl ilham pərisi” mükafatçısı, Yunanıstanda təsis olunmuş “İlin uğurlu qadını” Beynəlxalq mükafatının sahibi, professor Yeganə Axundova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektorudur.
Yohannesburq Simfonik Orkestri 2000-ci ildə yaradılıb. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib.
Yohannesburq Simfonik Orkestri dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.
Source:   AZERTAG

Back to the list