FR|ENAZ

Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb

Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb
28 November 2014

Noyabrın 27-də Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub.

Heydər Əliyev Fondunun və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə açılan büronun məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Lüksemburqda, həmçinin bütün Avropada daha geniş yayılmasıdır.Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə Azərbaycanla bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır.
Orada Azərbaycanla bağlı müxtəlif kitablar, jurnallar, audio və videomateriallar, broşürlər və s. əyani vəsaitlər var.Açılış mərasimində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova, “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster və başqaları çıxış ediblər. Onlar belə təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri haqda məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıblar.Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyi baş katibinin müavini Leo Faber, digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan diasporunun və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Source:   http://heydar-aliyev-foundation.org/az

Back to the list