FR|ENAZ

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26 February 2016

Fevralın 25-də Parisin “Cathedrale Saint-Louis des Invalides” kilsəsində 1992-ci ildə törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan klassik musiqi konserti keçirilib.

Anım gecəsində altı yüzdən çox qonaq iştirak edib. Rəsmi qonaqlar arasında Fransa Senatının Fransa-Qafqaz Qrupunun prezidenti senator Andre Reixardt, bəstəkar Pyer Tiloy, “Oradour-sur-Glane” Şəhidləri Ailələrinin Milli Assosiasiyasının katibi Andre Sadri, həmçinin Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimov, İranın Fransadaki səfiri Əli Ahani, Bolqarıstanın səfiri Anguel Tçolakov, Toqonun səfiri Kalikste Madjoulba, Çilinin səfiri Patrisio Hales Dip, Boliviyanın səfiri Jan-Pol Quevara Avila, Tacikistanın səfiri Homidcon Nəzərov, Litvanın konsulu Rasa Mikiclaite, Mərakeşin səfirliyinin müşaviri Adil Embark olub.
Konsert Azərbaycanın Fransadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisi, “Ulduz” və Azərbaycanın Dostları assosiasiyaları tərəfindən təşkil edilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə çıxış edərək deyib: “Təəssüf ki, bu günə qədər Fransa ictimaiyyəti Xocalı qətliamı haqqında müfəssəl məlumata malik deyil. Xocalı qırğını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi tarixə düşüb. Bu qırğının miqyası II Dünya müharibəsi zamanı baş vermiş və bizim fransız dostlarımızın yaddaşında silinməz iz buraxmış Oradour-sur-Glane ilə müqayisə oluna bilər. Qaçan əhali arasında panika yaratmaq məqsədi daşıyan bu qırğın etnik təmizləmə siyasəti ilə nəticələnib, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz tarixi ərazilərini tərk edib.
Biz günahsız qurbanların unudulmasına heç zaman imkan verməməliyik. Xocalı qırğını bütün azərbaycanlıların yaddaşına həkk olub. Xocalı, həmçinin bütün dünyada eşidilməli olan bir haraydır. Bu, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası sayəsində mümkün olub. Bu kampaniya sayəsində dünyanın bir neçə ölkəsi Xocalı qətliamının baş verdiyini rəsmən qəbul edib. Bugünkü tədbir regionda ədalətin bərqərar olunmasına nail olmaq məqsədi daşıyır”.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin deyib: “Tarix hər zaman mübahisə və interpretasiya subyekti olub. Bu günün faciələri dünənin faciələrini bizlərə unutdurmamalıdır. Ermənistan hərbi birləşmələrinin işğalı altında olan torpaqların geri qaytarılmasını 20 ildən çoxdur səbirsizliklə gözləyən bir milyondan artıq azərbaycanlının problemini unutdurmamalıdır”.
Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bildirib: “Xocalı faciəsi 1992-ci ildə baş verib. Bu faciə azərbaycanlılarda və ölkəmizin dostlarında dərin iz buraxıb. Bu kədərli tarixi anmaq üçün keçirilən bu toplantı, həmçinin dünyada baş vermiş bütün qırğınların dəhşətini bizə xatırlatmaq üçündür. Ötən il bizim təşkilatın Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Fransadakı səfirliyi ilə birgə əməkdaşlığı şəraitində Parisdə “Sonsuz dəhliz” müstəqil sənədli filminin nümayişi baş tutub. 2016-cı ildə biz Fransa Milli Assambleyasında “Xocalı – qırğın haqqında həqiqət” adlı mövzuda panel müzakirə təşkil etmişik. Xocalı faciəsi heç zaman unudulmamalıdır. Biz “Xocalıya ədalət!” kampaniyasına dəstək vermək üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.
Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva “Lamoureux” orkestrinin müşayiətilə fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” əsərini, Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.
Source:   http://azertag.az

Back to the list