FR|ENAZ

Qarabağ ruhu Vindzora yayıldı

Qarabağ ruhu Vindzora yayıldı
15 May 2016

İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə Vindzor qəsrində keçirilən Kral Vindzor at şousu davam edir. Ölkəmizin bu möhtəşəm şouda iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı Qarabağ cinsindən olan 15 at təmsil edir.

Məharətli azərbaycanlı çaparların yadda qalan akrobatik şou nömrələri və Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Vindzorda Azərbaycan mədəniyyəti pavilyonu da təşkil edilib. Pavilyonda iştirakçılara xalqımıza məxsus şirniyyatlar təqdim olunur, tariximizi, mədəniyyətimizi, ölkəmizin müasir inkişafını əks etdirən kitablar və CD diskləri paylanılır, canlı musiqilər səsləndirilir. Mədəniyyətimizin təqdimatı məşhur tar ifaçısı Rafiq Rüstəmov və Azərbaycanın Xalq Artisti Fidan Hacıyevanın ifası ilə müşayiət olunur.

Pavilyon vasitəsilə yüzlərlə britaniyalı və dünyanın müxtəlif yerlərindən gələn at həvəskarları Azərbaycan və Dağlıq Qarabağ haqqında müfəssəl məlumatlar əldə edir.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter fikirlərini belə bölüşüb: “Qarabağ atlarının Kral Vindzor at şousuda iştirakı çox əlamətdar bir hadisədir. Yüz minlərlə azərbaycanlı kimi atlar da Dağlıq Qarabağ erməni hərbi qüvvələri tərəfindən zəbt ediləndən sonra məcburi köçkünə çevriliblər. Mən əminəm ki, atlar da elə məcburi köçkün insanlar kimi öz qədim ata-baba torpaqlarına qayıtmaq həsrətindədirlər”.

Qeyd edək ki, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkman də tədbirdə iştirak edib. O deyib: “Mən də Kraliçanın 90 illik yubileyinin qeyd edildiyi Kral Vindzor at şousunda iştirak etmək şərəfinə nail oldum. Bayramın bir hissəsi olaraq Azərbaycan şouda əzəmətli Qarabağ atları ilə təmsil olunur. Onların çıxışı çox gözəl, olduqca rəngarəngdir. Tamaşaçılarda yaxşı təəssürat yaratdılar. Hazırda bu əzəmətli məxluqların öz doğma torpaqlarından uzaq düşdüklərini təsəvvür etmək çox kədərlidir. Ümidvaram ki, tezliklə onlar da məcburi köçkünlərlə birlikdə öz doğma yerlərinə qayıda biləcəklər”.
Source:   http://azertag.az

Back to the list