FR|ENAZ

Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur

25 November 2017

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazarı”nda ölkəmiz böyük stendlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, 70 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanın bayrağı böyüklüyünə görə diqqəti daha çox cəlb edib.

Milli ornamentlərlə bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunur və ziyarətçilərə hədiyyə edilir. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verir. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanır.

İki gün davam edəcək “Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilər “ASPİ Savalan”, “Gilan Holding”, “Silkway” Hava Yolları, “Viva” kimi şirkətlərin yüksəkkeyfiyyətli şərablarını, təravətli çayını, nar şirəsini, gül və əncir mürəbbəsini, ənənəvi şirniyyatlarını, paxlava və şəkərburasını dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayılarını əldə edəcəklər.

Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunur.

Lüksemburqun Baş naziri Ksavye Bettel Azərbaycan stendinə baş çəkib. O, Brüssel Sammitində iştirakından və tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışıb, xoş təəssüratlarını bölüşüb.

Qeyd edək ki, ölkəmiz artıq altıncı ildir “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.

Azərbaycan-Lüksemburq Ticarət Palatasının vitse-prezidenti Seymur Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, Lüksemburq Beynəlxalq Bazarı”nda iştirak etməkdə əsas məqsəd ölkəmizi, onun tarixini, mədəniyyətini və qastronomiyasını lüksemburqlulara və bazarın ziyarətçilərinə yaxından tanıtmaqdır. O deyib ki, Prezident İlham Əliyev ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, ixrac məhsullarının həcminin artırılması, Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi prioritet məsələlərdəndir. Çalışırıq Prezidentimizin qarşıya qoyduğu bu prioritetlərin uğurla həyata keçirilməsinə töhfə verək. Vurğulanıb ki, Lüksemburqda yaşayan azərbaycanlılar ölkəmizin tanıdılması üçün əllərindən gələni əsirgəmir, belə tədbirlərdə fəal iştirak edirlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq












Author:   AZƏRTAC
Source:   https://azertag.az/xeber/Azerbaycan_Luksemburq_Beynelxalq_Bazarinda_temsil_olunur-1115249

Back to the list